İQTİSADİYYAT
“PAŞA Holding” “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına məktəbli ləvazimatları təqdim edib




Bakı, 15 sentyabr, AZƏRTAC
“PAŞA Holding” 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində həmin övladlara yeni dərs ilinin başlaması münasibətilə məktəbli ləvazimatları təqdim olunub. Təqdimetmə prosesi
“Bravo” əməkdaşları və Regional İnkişaf İctimai Birliyinin könüllülərinin dəstəyi ilə həyata keçirilib.
Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin 1100-ə yaxın məktəbli
övladı dərs ləvazimatları ilə təmin edilib.
Xatırladaq ki, cari proqrama səhiyyə sahəsi də daxildir. Belə ki, ümumilikdə 1700-ə yaxın 18 yaşadək olan şəhid övladları “PAŞA Holding” və “PAŞA Sığorta” tərəfindən sığorta paketi ilə də təmin olunublar. Bu paket digər xidmətlər ilə yanaşı, stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər günü münasibətilə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim edilir.