REGİONLAR
“Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” beynəlxalq yarışmasının praktiki hissəsinə başlanılıb
Hadrut, 19 oktyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin Hadrutda təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” Birinci Beynəlxalq Peşə Ustalığı Yarışmasının praktiki hissəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bu yarışın məhz Hadrut kimi gözəl bir məkanda keçirilməsinin xarici qonaqlara işğaldan azad olunmuş ərazilərdə sürətli inkişafı göstərmək, burada qurulmuş innovativ və müasir şəraitlə tanışlıq üçün yaxşı fürsət olduğunu qeyd edib. Yarışda iştirak edən ölkələrin energetiklərinin təcrübə mübadiləsi aparmaq və yeniliklərlə tanış olmaq üçün "Azərişıq" ASC tərəfindən əlverişli şərait yaradılıb.
"Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar şərti olaraq transformatorların, elektrik yarımstansiyasında yanğının söndürülməsi və bu zaman yarımstansiya işçilərinin hərəkətlərini simulyasiyası şəklində reallaşdırıblar.
Qeyd edib ki, gənc energetiklərin yarışda göstərdikləri nəticələr beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda 6 ölkədən 7 komanda arasında keçirilən yarışda 60-dək gənc energetik arasında qalib komanda seçiləcək.
Tədbirdə "Azərişıq" ASC-nin mülki müdafiə avadanlıqları və tədris ləvazimatları sərgilənir. Həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti də yarışları müşahidə edib.