CƏMİYYƏT
Paytaxtda 200-dən çox piyada cərimələnmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Respublika ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları reydləri davam etdirirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, aprelin 23-dən 28-dək BŞDYPİ-nin əməkdaşları tərəfindən Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında keçirilmiş reydlər zamanı yol hərəkəti qaydalarını pozan 200-dən çox piyada saxlanılaraq məsuliyyətə cəlb edilmişdir.
Həmin piyadalar Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsinin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilmiş və onlar 10 manat cərimə edilmişlər.
“Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən təhlükəsizlik həftəliyi aprelin 30-dək davam edəcəkdir.