Qlayndborn Opera Festivalının 90 illik yubileyi qeyd edilir
Bakı, 1 iyun, AZƏRTAC
Bu il Qlayndborn Opera Festivalı 90 illik yubileyini qeyd edir. Festival hər il may-avqust aylarında keçirilir, onun təşkil edildiyi məkan ingilis kəndlərində yerləşir və şəhərin mərkəzindəki sənət platformasında üstünlük təşkil edən opera evlərinə çox yaxındır.
AZƏRTAC festivalın rəsmi saytına istinadla xəbər verir ki, Qlayndborn Opera Teatrı dünyanın ən müasir və nüfuzlu teatrlarından biri hesab olunur və buna görə də hər il festivala ən azı 150 min operasevər gəlir. Bu, opera həvəskarları üçün “mədəni incəlik” hesab edilir. Bəzi biletlərin qiyməti 250 funt sterlinqdən (318 dollar) bahadır, baxmayaraq ki, 30 yaşdan kiçiklər üçün xüsusi təkliflər var və 40 yaşından aşağı olanlar bileti yarı qiymətə ala bilərlər.
Festival məkanı - bağlar ərazisi saat 15:00-dan açılır və tamaşalar 90 dəqiqəlik fasilə ilə saat 17:00-da başlayır.
Festivalın təşkilatçılarının qeyd etdiyi kimi, 1934-cü ildə yarandığı gündən bəri opera həvəskarları bu fürsətdən istifadə edərək, tamaşalar üçün məxsusi dəbdəbəli paltarlar geyiniblər. Qara qalstuk Qlayndborn festivalının rəmzi sayılır, baxmayaraq ki, bu rəng sizin üslubunuza uyğun gəlmirsə, başqa geyimdə də gələ bilərsiniz. Deməli, burada hər kəsin öz zövqünə uyğun geyinməsi qadağan olunmur.
İyirmi il əvvəl açılmış Qlayndborn Opera Teatrı isə 1200 nəfərlikdir ki, bu da böyük məkanların standartlarına görə kiçikdir. Amma bu teatr daha orijinal vokal üslubundan həzz almağa imkan verir. Festivalın diqqətçəkən daha bir məqamı tamaşaçı üçün teatr, musiqi, rəsm və səsi birləşdirən üçölçülü bədii obrazın yaradılmasıdır. Builki festivalın proqramına Jorj Bizenin “Karmen”, Volfqanq Amadey Motsartın “Sehrli fleyta”, Frans Leqarın “Şən dul qadın”, Qeorq Fridrix Hendelin “Culio Çezare” və Rixard Vaqnerin “Tristan və İzolda” operaları daxildir.
Qlayndborn 90 illik yubileyini qeyd etmək üçün aparıcı Britaniya rəssamı Konrad Şoukrossla birlikdə musiqi və səsə xüsusi münasibəti olan əsərlərin iddialı təqdimatı üzrə əməkdaşlıq edib. Buraya açıq səma altında doqquz böyük ölçüsü olan abidə, Arxiv Qalereyasında kağız üzərindəki əsərlər və Köhnə Yaşıl otaqda qoyulmuş 13 bürünc heykəl daxildir.