CƏMİYYƏT
“ASAN xidmət” “Yeni nəfəs” ekoloji-sosial layihəyə start verib
Bakı, 1 iyun, AZƏRTAC
“ASAN xidmət” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Yeni nəfəs” adlı ekoloji-sosial layihə həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilir.
“Yaşıl ASAN”ın dəstəyi ilə reallaşan layihəyə əsasən 7 saylı Bakı “ASAN xidmət” mərkəzində doğumun qeydə alınması xidmətindən yararlanan valideynlərə yeni doğulan körpələrinin adlarına ödənişsiz ağac əkilməsi təklif ediləcək. Həmçinin valideynlərə “Yaşıl gələcək” sertifikatı təqdim olunacaq. Sertifikatı üzərində yerləşdirilmiş xüsusi QR kod vasitəsilə onlayn qaydada yükləmək mümkündür.
Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılması məqsədi daşıyan layihəyə uyğun olaraq, ilkin mərhələdə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində 1000 ağacın əkilməsi nəzərdə tutulur.