CƏMİYYƏT
Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb
Bakı, 19 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatının həyətində fəaliyyət göstərən alkoqollu içki emalı müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kustar üsulla yaradılmış obyektə baxış zamanı üzərində etiket məlumatları qeyd olunmayan alkoqollu içkilər, müxtəlif əmtəə nişanlı içki etiketləri, alkoqollu içki üçün qapaq və qapaq lentləri aşkar edilib.
Həmçinin yoxlama zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi sahəsi üzrə qeydiyyatının olmadığı, sanitar-texniki, sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, məhsullar üzərində istehsal tarixlərinin qeyd edilmədiyi, işçilər üçün fərdi dolablarla təmin olunmuş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi aşkarlanıb.
Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması ilə bağlı ixtisaslaşmış qurumla müqavilə və ya təsdiqedici aktın olmadığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, hazır məhsulun markalanması üçün nəzərdə tutulan etiket məlumatların qanunvericiliyin tələbinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Bununla yanaşı, istifadə edilən xammalın (kupaj) keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlər və obyektdə çalışan işçilərin dövri tibbi müayinədən keçmələrini təsdiqləyən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.
Müəssisədə aşkarlanmış nöqsanlarla bağlı bir sıra məhsulların dövriyyəyə çıxarılmasının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Kupaj saxlanılan çənlər və elektrikli nasos lentlənib, onların üzərinə möhür vurulub. Məhsullardan nümunələr götürülərək analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Hazırda araşdırmalar davam edir.