İQTİSADİYYAT
Paytaxtın bəzi küçələrində yeni yağış-kanalizasiya xətləri çəkilir
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Bakıxanov, Ceyhun Hacıbəyli və Səxavət Quliyev küçələrinin kəsişməsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədilə əlavə xətlərin çəkilişi işləri görülür.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə sözügedən ərazidə 130 metr uzunluğunda və 300 millimetr diametrində yeni borular qoyulub və 11 ədəd yeni yağış barmaqlıqlar quraşdırılacaq.
Kompleks tədbirlərin davamı olaraq Bakının Qaradağ, Yasamal, Nərimanov, Səbail, Nizami, Binəqədi rayonları və Abşeron rayonunun ərazisində yerləşən küçə və prospektlərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xətlərinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.
Ümumilikdə isə, son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 kilometrə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb.