Paytaxtın kommunal xidmətləri təmizlik-dezinfeksiya işlərini həyata keçirir VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib. Çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilib.
Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.