Paytaxtın Nərimanov rayonunda ağacların qurudulması faktı aşkarlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları şikayəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ünvanda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkarlanıb.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanılan materiallar məhkəməyə təqdim olunması üçün hazırlanır.