Paytaxtın Sabunçu rayonunda COVID-19 infeksiyasına yoluxmuş şəxs müəyyən olunub
Bakı, 25 avqust, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda COVID-19 infeksiyasına yoluxmuş şəxs müəyyən olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbə sakini 1989-cu il təvəllüdlü Anar Cəfərovu vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkarlayıblar.
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətə çatdırılıb. A.Cəfərova digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilib və o, müalicəsini davam etdirməsi üçün müvafiq ünvana yerləşdirilib.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.