Pedaqoji Universitetdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 164-ü tədrisə tətbiq olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclası keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor, elmi şuranın sədri, professor Cəfər Cəfərov iclasın gündəliyi barədə məlumat verib. O, universitetdə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının davam etdiyini və imtahanların mütəşəkkil, şəffaf və obyektiv keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, filologiya fakültəsinin 5 kafedrasının müdiri vəzifəsinə seçki keçirilməsi nəzərdə tutulur. Seçki prosesində şəffaflıq və obyektivlik təmin edilməklə yanaşı, yüksək səviyyəli mütəxəssislərə üstünlük verilir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ADPU-da elmi potensialın yüksəldilməsi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi üzrə müvafiq kafedra və elmi-tədqiqat laboratoriyalarında planlaşdırılmış işlər yerinə yetirilib. Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi və tətbiqi ilə bağlı tamamlanmış işlərdən 164-ü tədrisə tətbiq olunub. ADPU elmi layihələrdə iştirak etmək üçün səmərəli fəaliyyət göstərir. Ötən il universitet Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-təhsilin inteqrasiyası” müsabiqəsində 5 layihə qazanıb. ADPU-da son 3 ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi siyahıya daxil edilmiş 6 dövri elmi jurnal nəşr olunur. Bu jurnallarda universitet mütəxəssisləri ilə yanaşı, respublikamızın, eləcə də xarici ölkə alimlərinin məqalələri dərc olunur. ADPU-nun alimləri impakt-faktorlu elmi jurnalların redaksiya heyətində təmsil olunurlar.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.