Pedaqoji Universitetdə “Youth Spark” proqramının ilk görüşü keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Fondunun dəstəyi, ADPU-nun tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Youth Spark” proqramı çərçivəsində ilk görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yeni başlayan bu proqram universitet tələbələrinin yaradıcılıq potensialını gücləndirmək, onların şəxsi inkişafını dəstəkləmək və praktiki biliklərlə zənginləşdirmək məqsədi daşıyan çoxşaxəli inkişaf təşəbbüsüdür.
Görüşün əvvəlində ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək proqramın hədəfləri barədə iştirakçılara məlumat veriblər.
“Youth Spark” proqramının açılış görüşü iki əsas istiqamətə fokuslanmış spiker sessiyaları ilə davam edib. İlk olaraq Sevil Əhmədovanın “Yaradıcılığımı biznesə necə çevirdim?” adlı təlim keçirilib. Təlimçi şəxsi təcrübəsinə əsaslanaraq yaradıcılıqdan biznesə keçid prosesindən, həmçinin gənclərin bu yolda qarşılaşa biləcəyi çətinliklər və onları aşma yollarından danışıb.
Sonra Mirşahin Əlizadə “Tələbələr üçün effektiv öyrənmə modeli” mövzusunda təlim keçib. Müzakirə öyrənmə metodları, zaman idarəetməsi, psixoloji hazırlıq və məlumatın effektiv qavranılması mexanizmləri üzərində qurulub. Təlimçi tələbələrə akademik həyatında tətbiq edə biləcəkləri praktik alətlər haqqında tövsiyələr verib.
“Youth Spark” proqramı çərçivəsində növbəti mərhələlərdə müxtəlif mövzularda seminarlar, mentorluq görüşləri və inkişafyönümlü təlimlərin keçirilməsi nəzərdə tutulur. Proqramın məqsədi gənclərin təhsil, yaradıcılıq və karyera istiqamətlərində dayanıqlı inkişafını təşviq etməkdir.