ELM VƏ TƏHSİL
Pedaqoji Universitetin “Dəvətli professor” layihəsi
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirovun təşəbbüsü ilə onlayn formatda təşkil ediləcək “Dəvətli professor” layihəsi çərçivəsində ölkəmizin digər ali təhsil müəssisələrində çalışan tanınmış alimlər və qabaqcıl müəllimlər tələbələrə mühazirələr oxuyacaq.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Qeyd olunub ki, layihənin reallaşdırılmasında əsas məqsəd ADPU və pedaqoji kadr hazırlayan digər ali məktəblər arasında əlaqələrin qurulması, təlim-tədris prosesinin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsinə xidmət edən bilik mübadiləsinin aparılmasıdır. Mühazirələr bakalavriat səviyyəsində təhsil alan tələbələrin fizika elminə dair fərqli aspektlərdə müxtəlif məzmunlu biliklər əldə etməsinə, elmi biliklərinin dərinləşməsinə və təkmilləşməsinə imkan yaratmaqla, gələcəkdə elmi-pedaqoji və pedaqoji kadr kimi formalaşmalarına təkan vermiş olacaq.
“Dəvətli professor” layihəsi çərçivəsində ilkin olaraq Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən professor-müəllim heyətinin mühazirələrinin təşkili nəzərdə tutulur. Mühazirələrdə BDU-nun fizika üzrə tanınmış alimləri molekulyar fizika, klassik mexanika, optika, bərk cisimlər fizikası və kvant mexanikası fənlərindən aktual mövzularda mühazirələr oxuyacaqlar.