ELM VƏ TƏHSİL
Pedaqoji Universitetin tələbələri Zəfər Gününü qeyd ediblər
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində “Meh” ədəbi dərnəyinin təşkilatçılığı ilə “Zəfər yolumuz, zəfər günümüz və ədəbiyyatımız (Mahirə Nağıqızının yaradıcılığı əsasında)” adlı seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə dərnək üzvlərinin “8 Noyabr – Zəfər Günü” təqdimatı nümayiş olunub.
Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadovun “Zəfər yolumuz, zəfər günümüz və ədəbiyyatımız (Mahirə Nağıqızının yaradıcılığı əsasında)” adlı məruzəsində professor Mahirə Nağıqızının (Hüseynova) əsərlərində vətənpərvərlik və zəfər motivləri təhlil olunub. Elmi seminar müzakirələrlə davam edib.
Eyni zamanda, ADPU Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Zəfər Günü münasibətilə tədbirlər keçirilib. TGT-nin “SABAH” qrupları və İbtidai təhsil fakültəsi təşkilatlarının və Debat Klubunun əməkdaşlığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər bizim gözümüzdə” adlı master-klas keçirilib. Master-klas zamanı tələbələr kətan üzərində zəfərimizi əks etdirən müxtəlif illüstrasiyalar təsvir ediblər. Tarix və vətənpərvərlik klubu isə “Yarımçıq xatirələr” filminin nümayişini təşkil edib.