PENSİYALAR YENİ QANUNVERİCİLİYƏ ƏSASƏN NECƏ HESABLANACAQ?
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov AZƏRTAC-ın müxbirinə demişdir ki, əvvəlki pensiya sistemi “həmrəylik” prinsipinə əsaslanırdı. Belə ki, işçi sosial sığorta haqqı ödəyir, bu haqların fərdi uçotu aparılmadan hamısı bir hesaba yığılır, həmin hesabdan pensiyaçılara pensiya ödənilirdi. Çatışmayan vəsait dövlət büdcəsi hesabına ödənilirdi. Əslində isə sosial sığorta onu ödəyənin hesabına yığılmalı və həmin şəxs ona uyğun pensiya almalıdır. Az ödəyibsə az, çox ödəyibsə çox. Yeni qanunda məhz bu prinsip əsas götürülmüşdür. İşçi pensiyaya çıxanda əlavə arayışlara və ya digər sənədlərə ehtiyac qalmayacaqdır. Onun topladığı vəsait nə qədərdirsə, sığorta həmin vəsaitə görə ödəniləcəkdir. Əmək pensiyasının hamı üçün eyni səviyyəli baza hissəsi olacaq və bu baza ölkəmizin başçısının verəcəyi Fərman əsasında dövri dəyişən mütləq rəqəmlə ifadə ediləcəkdir. 2006-cı ilin dövlət büdcəsində əmək pensiyasının baza hissəsinin üç dəfə dəyişəcəyini göstərən rəqəmlər öz əksini tapmışdır (əvvəlcə 120 min, aprel ayının 1-dən 150 min, oktyabrın 1-dən isə 175 min manat). Bu, dövlət təminatı rolunu oynayacaqdır. Əmək pensiyasının sığorta hissəsi isə sığorta olunanların fərdi hesablarında toplanan vəsaitdən - pensiya kapitalından asılı olacaqdır. Yeri gəlmişkən, hazırda işçinin pensiya müddəti şərti olaraq 12 il və ya 144 ay nəzərdə tutulmuşdur. Yəni işçinin çalışdığı müddətdə dövlətə ödədiyi vəsait 144-ə bölünəcək və alınan rəqəm baza hissəsinin üstünə gələcəkdir. Həmin vəsait pensiyaya çıxandan sonra 12 il ərzində hər ay ona qaytarılacaqdır.