Peşə təhsilinin akkreditasiyası üzrə Estoniya təcrübəsi öyrənilib
Bakı, 11 may, AZƏRTAC
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Tallinndə səfərdə olublar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının TAIEX aləti çərçivəsində Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyində (EKKA) peşə təhsilinin akkreditasiyası sahəsində təcrübə mübadiləsi üçün təşkil edilib.
Səfər müddətində Estoniyada peşə təhsilinin akkreditasiya standartları, qaydaları, təcrübəsi, akkreditasiya komissiyasının yaradılması və işinin təşkili barədə ətraflı məlumat əldə edilib.
Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Estoniya Dənizçilik Məktəbinin pilot akkreditasiyasında iştirak edib, Estoniya İnşaat Məktəbində və İşəgötürənlər Konfederasiyasında görüşlər keçiriblər. Bu qurumlarda peşə məktəblərinin inkişaf strategiyası, tədrisdə istifadə olunan təlim metodları, tələbələrə praktiki bacarıqların öyrədilməsi, əmək bazarının nümayəndələri ilə əlaqələrin qurulması və strateji qərarların qəbuluna əmək bazarı nümayəndələrinin cəlb edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, peşə məktəblərinin tədris laboratoriyalarına birgə baxış keçirilib, məktəb rəhbərlikləri və müəllimlər tərəfindən tələbələrə praktik bacarıqların öyrədilməsi prosesinin maraqlı və məhsuldar təşkili üçün istifadə olunan stimullaşdırma metodları, habelə müxtəlif həvəsləndirici praktik yarışların təşkili barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycanda peşə məktəblərinin keyfiyyət təminatına dair yol xəritəsi EKKA-nın mütəxəssisləri ilə birgə müzakirə edilib.