CƏMİYYƏT
Peşəkar ailə həkimlərinin hazırlanması təqdirəlayiqdir
Bakı, 9 aprel (AZƏRTAC). Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sektorunda İslahatlar” layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki rayonlarında çalışan ailə həkimləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İSİM-in direktoru Ceyhun Məmmədov son illərdə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan, “İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən təlimlərdən danışmışdır. Bu təlimlərdə İSİM-in hazırladığı klinik protokollardan istifadə olunduğunu bildirən direktor Azərbaycan Tibb Universitetində (ATU) və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ailə təbabəti kafedralarının fəaliyyət göstərdiyini də diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı İlham Məmmədov, ATU-nun kafedra müdiri Mustafa Salehov Ə.Əliyev adına ADHTİ-nin kafedra müdiri Səadət Mahmudova və başqaları çıxış edərək Azərbaycan dövlətinin ailə təbabəti istiqamətində aparılan islahatlara dəstək olduğunu bildirmişlər. Onlar demişlər ki, hər bir xəstə ilk dəfə ailə həkimi ilə görüşür. Buna görə bacarıqlı, peşəkar ailə həkimlərinin hazırlanması təqdirəlayiq haldır.
Görüşdə, həmçinin İSİM-in tibbi keyfiyyət standartları şöbəsinin əməkdaşı Şəhla İsmayılovanın “Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi və ailə həkiminin tətbiqi” mövzusunda məruzəsi dinlənilmişdir.
Sonda “ailə həkimi” statusu qazanmış tibb işçilərinə layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olunmuşdur.