Pilot layihə - torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır
Salyan, 20 dekabr, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, ölkədə həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bütün rayonları sürətlə əhatə etməkdədir. Bu işlərin məqsədi səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin dəqiqi həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, coğrafi yerləşməsini müəyyən etmək və elektron kadastr xəritələrinin hazırlanmasıdır. Artıq 20 rayonda, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri başa çatdırılıb. Görülən işlərin nəticələri kadastr uçotu bitmiş rayonlarda real rejimdə praktiki istifadəyə verilib. Bununla bağlı aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, iri torpaq mülkiyyətçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatlar keçirilib və məlumatlar elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilib. Burada əsas məqsəd dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanmağa başlanılıb. Kadastr uçotu işləri bitmiş rayonlarda pay torpaqlarının sahələrinin koordinatlarını, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus ərazilərin sahəsini dəqiq əks etdirən məlumat bildirişlərinin təqdim olunmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk pilot layihəyə dekabrın 20-də Salyan rayonunun Parça Xələc kəndindən start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpağının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri paylanacaq. Alınan məlumat bildirişləri əsasında vətəndaşlar ərizə ilə pay torpaqlarına dair hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərinə təqdim edərək çıxarışları ala bilərlər.
Pilot layihə zamanı dəqiqləşmiş kadastr planı əsasında “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na uyğun olaraq, torpağın sənədlərdəki məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasındakı uyğunsuzluqlar müəyyənləşdirilib. Beləliklə də torpaq sahələrinin dəqiq sərhədləri bütün mülkiyyətçilərə bəlli olacaq. Bu layihə aidiyyəti üzrə yerli icra və özünü idarəetmə orqanları ilə razılaşdırılaraq təsdiqlənib.
Gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin vətəndaşlara bildiriş formasında təqdim olunması davam edəcək.