POLŞA SƏHNƏ TƏRTİBATÇISININ BAKIDA SƏRGİSİ
Polşanın ölkəmizdəki səfirliyinin, Bakı İncəsənət Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdikləri sərgidə müəllifin 40-dan çox bədii fotoşəkli nümayiş etdirilir.
Sərgini açan Polşanın Bakıdakı səfiri Martsin Navrot Polşa-Azərbaycan əlaqələrinin qədim tarixə malik olduğundan danışmış, rəssamı təqdim edərək, onun yaradıcılığı barədə qısa məlumat vermişdir.
Leşek Mondzik - səhnə tərtibatçısı, rəssam, fotoqraf, Lyublin Katolik Universitetində “Plastik səhnə”nin, 16 müəllif tamaşasının yaradıcısı, Polşa, Portuqaliya, Fransa və Almaniya teatrlarında çoxsaylı səhnə tərtibatlarının müəllifi, Poznan Bədaye Akademiyasının professoru və bir çox festivalların laureatıdır.
Mondzikin yaradıcılığı özünəməxsus və bənzərsizdir. O, sözsüz və fabulasız teatrın tərəfdarıdır. Onun fikrincə, tamaşalarındakı sükut özünü doğruldur, çünki insan həyatının doğum, məhəbbət, ölüm, Allah axtarıcılığı kimi elə sahələri var ki, onları sözlərlə ifadə etmək mümkün deyildir. Bu anlayışların ənginliyi və dərin mənası insanlara xüsusi bədii ifadə vasitələri ilə çatdırıla bilər. Müəllif dilə gətirilməsi mümkün olmayan insan gerçəkliklərini işıq, ritm və əhval-ruhiyyə kimi vasitələrlə ifadə etməyə çalışır.
Leşek Mondzik çıxışında demişdir ki, mən Bakıya bədii fotoşəkillərimi gətirmişəm. Əsərlərimi Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Dünyanı gəzib-dolaşaraq, topladığım təəssüratları sizinlə bölüşmək istəyirəm. Əsərlərimin əsas qayəsi zaman və onun necə ötüb keçməsidir. Mənim üçün çöhrələrdəki işıq daha vacibdir.
Müəllifin öz təxəyyülündə xeyirlə şərin daim mübarizə apardığı real dünyanın digər parametrlərinə keçməsinə baxmayaraq, onun yaradıcılığının fəlsəfəsi aydındır. Çünki bu fəlsəfə dinindən, mədəniyyətindən və tarixindən asılı olmayaraq, bütün insanlar üçün ümumi olan dəyərlərə toxunur.
Sərgi üç gün davam edəcəkdir.