ELM VƏ TƏHSİL
Pozitiv süd vəzi və ağciyər xərçəngi, beyin metastazlarının terapiyası mövzusunda elmi seminar keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Biofizika İnstitutunda “HER2-HER3 pozitiv süd vəzi və ağciyər xərçəngi, beyin metastazlarının terapiyası” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor Oktay Qasımov mövzunun müasir tibb üçün aktuallığını vurğulayıb və xərçəngin müalicəsində yeni yanaşmaların əhəmiyyətindən bəhs edib.
Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının kiçik elmi işçisi Sevda Mahmudova “HER2-HER3 pozitiv süd vəzi və ağciyər xərçəngi, beyin metastazlarının terapiyası” mövzusunda təqdimatla çıxış edib. Elmi işçi HER2 reseptorunun quruluşu, funksiyaları və onkogen təsirləri haqqında məlumat verib. O, HER2-nin həddindən artıq ekspressiyasının aqressiv xərçəng növlərində müşahidə olunduğunu və bu növlərin dəqiq təyini üçün İHC və FİSH metodlarının əhəmiyyətini qeyd edib. Həmçinin trastuzumab, pertuzumab, lapatinib və neratinib kimi dərmanların HER2 ilə əlaqəli terapevtik hədəflər olaraq təsir mexanizmlərini izah edib.
Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının rəhbəri Kərim Qasımov HER2-HER3 reseptorlarının tənzimlənməsi və p53 zülalının xərçəng hüceyrələrində apoptoz stimullaşdırıcı rolunu vurğulayıb. Diskussiyalar zamanı mövzu ətraflı müzakirə edilib və suallar cavablandırılıb.