PREZİDENT HEYDƏR ƏLİYEVİN DMANİSİ RAYONUNDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNƏ DAHA BİR QAYĞISI
Dövlətimizin başçısı Heydər Əliyevin qayğısı sayəsində Gürcüstanın Dmanisi rayonu kəndlərindəki Azərbaycan məktəbləri yeni dərs ilinə layiqincə başlamışdır.
Qeyd edək ki, bu məktəblər çoxdan bərbad vəziyyətdə idi. İş o yerə çatmışdı ki, dərslər üçmərtəbəli məktəb binalarının ancaq birinci mərtəbəsində keçilirdi, çünki binaların damları illərlə təmir edilmirdi, yağış yağanda yuxarı mərtəbələrdə az qala gölməçələr əmələ gəlirdi. Ölkədə iqtisadi vəziyyət ağır olduğundan məktəblərin təmirinə vəsait ayrılmırdı. Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyi bütün bunları nəzərə alaraq, yardım üçün Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət etdi. Müraciətin cavabını çox gözləmək lazım gəlmədi. Dövlət başçısının göstərişi ilə Şəmkir rayon rəhbərliyi Dmanisi rayonundakı Azərbaycan məktəblərinin problemlərini öyrəndi və onlara kömək üçün lazımi tədbirlər gördü.
Şəmkir rayon rəhbərliyinin nümayəndələri bu günlərdə Başkeçidə - Dmanisiyə gələrək, Qarabulaq, Qəmərli, Qızıl Kilsə, Yırğançay və Dunus kəndlərindəki məktəblərin təmiri üçün maddi yardım göstərdi və bütün yuxarı siniflərə dərsliklər verdilər. Xatırladaq ki, Gürcüstandakı digər Azərbaycan məktəbləri ilə yanaşı, Dmanisi rayonunda da məktəblərin aşağı siniflərinin hamısı dərsliklərlə hələ bir ay əvvəl dövlətimizin başçısının hədiyyəsi kimi təmin edilmişdi.
Prezident Heydər Əliyevin yeni qayğısı ilə əlaqədər bu məktəblərdə yerli sakinlərin, müəllim və şagirdlərin, rayon rəhbərliyi nümayəndələrinin və Gürcüstan parlamentinin Dmanisi bölgəsindən deputatlarının iştirakı ilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlərdə Dmanisi Rayon İcra Hakimiyyətinin başçısı Şota Sixelaşvili, ölkə parlamentinin deputatı Mikayıl Mahmudov, Qarabulaq kənd məclisinin sədri Cahangir Orucov, Qızıl Kilsə kənd orta məktəbinin direktoru, Gürcüstanın əməkdar müəllimi Nəsirəddin Musayev və başqaları çıxış edərək, təkcə Dmanisi rayonundakı deyil, bütün Gürcüstandakı Azərbaycan məktəblərinə daim qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin təşəkkürlərini bildirdilər. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Hüseynov soydaşlarımızı əmin etdi ki, Prezident Heydər Əliyevin tapşırığına əsasən şəmkirlilər Dmanisi rayonundakı Azərbaycan məktəblərinə bundan sonra da yardım göstərəcəklər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi rayonu