Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasının inteqrasiyasında yeni strateji mərhələdir - ŞƏRH
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirakı Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunu və strateji mövqeyini bir daha nümayiş etdirdi. Bu səfər həm Azərbaycan–Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın daha da dərinləşməsinə mühüm töhfə verdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi iki qardaş ölkə arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların müasir geosiyasi reallıqlar fonunda daha da möhkəmləndiyini göstərir.
“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində Azərbaycan Türk dünyasının inteqrasiyasında aparıcı aktorlardan birinə çevrilib. Mərkəzi Asiya dövlət başçılarının toplantısında Azərbaycanın iştirakı ölkənin regionun gələcəyinin müəyyənləşdirilməsində söz sahibi olduğunu təsdiqləyir. Bu platforma Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması və nəqliyyat-kommunikasiya infrastrukturunun genişləndirilməsi Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirən əsas amillərdəndir. Azərbaycan bu layihələrin mərkəzində dayanaraq Şərqlə Qərbi birləşdirən etibarlı logistika və tranzit qovşağı rolunu uğurla yerinə yetirir. Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə verdiyi dəstək, eyni zamanda, Azərbaycanın Qırğızıstandakı investisiyaları qarşılıqlı etimadın və strateji tərəfdaşlığın praktik nəticələridir. Bu əməkdaşlıq gələcəkdə ticarət, turizm, enerji, təhsil və humanitar sahələrdə də yeni layihələrin reallaşmasına zəmin yaradacaq”, - deyə Telman Nüsrətoğlu vurğulayıb.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk Dövlətləri Təşkilatının institusional imkanlarının genişlənməsi və türk dövlətləri arasında ortaq siyasi iradənin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, Türk dünyasının geosiyasi və geoiqtisadi potensialı məhz belə təşəbbüslər nəticəsində daha səmərəli şəkildə reallaşacaq: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyması təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının siyasi və iqtisadi arxitekturasına müsbət təsir göstərəcək, ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək”.