Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının müsahibəsi aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.

Müsahibəni təqdim edirik.

Müxbir Lyu Sin: Zati-aliləri Prezident ƏIiyev, “Danışır liderlər” verilişinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

- Sizi verilişimizdə yenidən görmək böyük şərəfdir. Altı ildən sonra Çinə ilk dəfədir ki, dövlət səfərinə gəlmisiniz. Son dəfə Siz səfərinizin və ikitərəfli münasibətlərinizin əla səviyyədə olduğunu qeyd etdiniz. Beləliklə, indiki səfərinizi və ikitərəfli əlaqələri bir sözlə ifadə etsəydiniz, nə deyərdiniz?

- Elə indi də deyərdim ki, əlaqələr əladır. Bəli, haqlısınız. Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq.

- Əla. Yeri gəlmişkən, bu münasibətlə Sizi təbrik edirəm.

- Sağ olun.

- Bununla belə, bu dəfə fərqli nə isə hiss etdinizmi? Şəxsən Sizə nə isə təəssürat bağışladımı?

- Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm.

- Sağ olun. Bu yaxınlarda beynəlxalq forumda iştirakınız zamanı Siz bildirdiniz ki, “Bizim üçün xüsusi əhəmiyyət kəsb edən Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir”. Bir halda ki, hazırda Siz bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırdınızsa, Sizə əlavə sual verim. Həmin addım konkret olaraq ikitərəfli əlaqələr üçün nə məna kəsb edir və Azərbaycan xalqı üçün hansı mahiyyətə malikdir?

- Əvvəlcə əgər siz Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.

- Siz və Sədr Si arasında çox dərin münasibətlər var. Siz çoxsaylı müxtəlif tədbirlərdə bir-birinizlə görüşmüsünüz. Adətən söhbətiniz necə alınır? Onu dövlət başçısı kimi necə dəyərləndirərdiniz?

- Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız.

- Bunu eşitmək çox xoşdur. Bu gün xəbərlərə baxdım və Böyük Xalq Sarayında Sizinlə görüşü barədə söylədiyi fikirləri dinlədim. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında olan iradənin onun tərəfindən qeyd edilməsi mənə böyük təəssürat bağışladı. Həmçinin Çin ilə dost və deyərdim ki, uzaqgörən münasibətlərin qurulmasında çox əhəmiyyətli rol oynamış mərhum atanız haqqında danışmaq istərdim. O vaxt Çinin iqtisadi inkişaf baxımından keçəcəyi yol uzun idi. Soruşmaq istərdim: ikitərəfli əlaqələrdə bu qədər dəyişikliklər və onların bu cür səviyyəsini gördükdən sonra mərhum atanıza nə söyləyərdiniz?

- Tam haqlısınız. O, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə, bir ildən sonra Çini ziyarət etdi.

- 1990-cı illərin əvvəlində.

- Bəli, zənnimcə, 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı.

- Siz atanızın başladığı islahatlardan danışdınız. Siz də geniş islahatlar həyata keçirməyə başlamısınız. Resursların ixracı ilə məşğul olan ölkənin müasir və yaşıl sənayelərin qurulmasına keçidi barədə məlumat verə bilərsinizmi? Bu istiqamətdə bizə nə söyləyə bilərsiniz? Çin bu prosesdə hansı rolu oynamışdır?

- Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Mənə gəldikdə, səlahiyyətlərimə başlayanda mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu.

Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Siz qeyd etdiyiniz kimi, yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.

- Mən bu barədə eşitmişəm. Siz bu barədə danışırdınız. Mən çox şadam ki, yaşıl enerji potensialı olan yeni bir sahədir. Mən bu haqda Sizdən bir az daha təfərrüatlı məlumat eşitmək istərdim, məsələn, yaşıl enerji əməkdaşlığı baxımından iki ölkənin daha böyük potensialdan necə bəhrələnə biləcəyini düşünürsünüz? Bu, Azərbaycan xalqına yaxşılığa doğru hansı nəzərəçarpan dəyişiklikləri gətirəcək?

- Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur.

- Bu gün hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması belə təşəbbüsə əlavə siyasi təkan verəcəkdir.

- Elədir ki, var.

- Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var.

- Bilirəm nəyi nəzərdə tutursunuz.

- Bayaqdan ona baxıram. Sizin şərəfinizə.

- Sizin şərəfinizə.

- Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram.

- Doğrudan?

- Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm.

- Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması, əslində, çayın isti qalması üçün nəzərdə tutulub, çünki adətən biz çayı çox qaynar içirik.

- Çox qaynar, anladım.

- Beləliklə, çay soyumur. Stəkanın bu forması aşağı hissəni qaynar saxlayır.

- Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır.

- Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu, elədir?

- Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, Siz qonaq olduğunuz üçün onlar Sizə zərər dəyməsin deyə çayı qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi-nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, Qədim İpək Yolu, məsələn, mən onun haqqında danışa bilərəm. Ya da biz xalqlararası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, birtərəfli olaraq çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi?

- Bəli, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi.

- Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış edir?

- İlk dəfədir ki, birtərəfli qaydada.

- Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir.

- Bəli, bu, doğrudur. Bəli, elədir ki, var. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər.

- Bəs, əksinə necə? Azərbaycanlılar və ya Azərbaycan vasitəsilə səyahət edən digər insanlar üçün Çinə gəlib, hər şeyi öz gözləri ilə görmək, təhsil almaq, işləmək nə dərəcədə vacibdir? Əslində, mən Çinə “Bir kəmər, bir yol” vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur. Əks tərəfdə vəziyyət necədir?

- Sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bu gün biz, həmçinin təhsil sahəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var.

- Bu, çox azdır.

- Bəli, çox azdır. Əminəm ki, xüsusilə texnologiyanın inkişafında, süni intellekt sahəsində potensialı nəzərə alsaq, onların sayı artacaq. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var.

- Sözsüz. Söhbət təkcə insanların səyahətindən getmir, həm də yüklərin daşınmasından gedir. İcazə verin, bir qurtum da içim, həqiqətən də ləzizdir. Düşünürəm ki, kiçik bir limon dilimi və bir az şəkərlə daha yaxşı olar. Ola bilsin ki, daha çox olacaq. Yeri gəlmişkən, bunlar Azərbaycan məhsullarıdır.

- Bəli, bilirəm.

- Azərbaycan çayı, fərqli bir tam.

- Yeri gəlmişkən, Azərbaycandan gətirilmiş mineral su da çox yaxşıdır.

- Budur?

- Bəli, sağlamlıq üçün çox yaxşıdır.

- İstisu?

- İstisu. İsti su deməkdir. Demək olar ki, qaynar bulaqdan çıxır.

- Yaxşı. Mən əminəm ki, çinlilər bu məhsulu tapmaq üçün öz Taobao və JD hesablarında araşdırıb baxacaqlar. Bəli, həqiqətən də demək istəyirəm ki, malların daşınması baxımından, Azərbaycan Çinlə əlaqələri xeyli inkişaf etdirib. Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir.

- Artıq 4 ən böyük tərəfdaşından biridir.

- Yaxşı, irəliləyiş var. Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir.

- Tamamilə doğrudur.

- Siz “Bir kəmər, bir yol” layihəsi çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların daşınmasına necə baxırsınız? Bu, hər iki tərəfdə insanlara və şirkətlərə nə fayda verəcək?

- Bəli, söylədikləriniz tamamilə vacibdir. Çünki Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər.

- Fikrinizdə 2 illik, 5 illik perspektivdə bir rəqəm varmı?

- Mən milyardlar barədə danışmaq istəyirəm. Düşünürəm ki, bu, tamamilə realdır. İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır. Bizim bacarıqlı işçi qüvvəmiz var. Əhalimizin sayı artır, bazarımız böyüyür. Beləliklə, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır. Çoxlu stimullaşdırıcı amillər var. Bizim sadəcə olaraq tərəfləri bir araya gətirməyimizə və Azərbaycanın biznes imkanları barədə çinli iş adamlarına daha çox məlumat çatdırmağımıza ehtiyac var.

- Qeyd etdiyiniz kimi, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biridir. Bu təşəbbüs ikinci onilliyə qədəm qoydu və hələ görüləcək çox iş var. Sizin gələcəyə dair baxışınız necədir?

- Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu gün söylədiyim kimi, bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq.

- Sizə uğurlar arzulayıram və inanıram ki, Çin şirkətləri Azərbaycanın təklif etdiyi üstünlükləri qiymətləndirəcək. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşir, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. Siz Azərbaycanın bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə görürsünüz? Ölkənizin nöqteyi-nəzərindən regionda sülhü və inkişafı təbliğ etmək üçün hansı işləri görmək istəyirsiniz?

- Siz tamamilə doğru qeyd etdiniz ki, biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq.

- Siz qonşu ölkələr və onların qonşuları haqqında bəhs edirsiniz. Bu, çox vacib amildir və mühüm bir platforma olan Şanxay Əməkdaşlıq Təşkilatına daha bir ölkə üzv olur. Azərbaycan da təşkilatın dialoq üzrə tərəfdaşıdır. Cari ildə Çin təşkilatda sədrliyi öz üzərinə götürür. Region və daha geniş coğrafiya üçün belə bir təşkilatın rolunu nədə görürsünüz? Şanxay Əməkdaşlıq Təşkilatının şüarı olan və qarşılıqlı etimad, qarşılıqlı mənfəət, bərabərlik, məsləhətləşmə, sivilizasiyaların fərqliliyinə hörmət və vahid inkişafın təmin edilməsini tərənnüm edən “Şanxay Ruhu”nun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bütün sadaladıqlarınız bizim siyasətimizin və gündəliyimizin tərkib hissəsidir. Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır. Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm.

- Bizi məlumatlandırdığınıza görə sağ olun.

- Bəli, mən hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır.

- Ölkəniz, həmçinin bu gün dünya üçün vacib olan Qlobal Cənubun üzvüdür. Çin və Azərbaycan kimi ölkələrin səylərini birləşdirərək çoxtərəfli müstəvidə əməkdaşlıq etmək potensialını necə qiymətləndirirsiniz? Çünki biz birtərəfli addımların və birtərəfli tendensiyaların şahidi oluruq. Potensial nədən ibarətdir və birlikdə biz hansı rolu oynaya bilərik?

- Zənnimcə, biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim.

Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.

Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” sizin dediklərinizi tam əks etdirir. Bununla yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük.

-Prezident Əliyev, çox təşəkkür edirəm.

- Sağ olun.

-Çox məmnun oldum, təşəkkür edirəm.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB  VİDEO

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO