Kaleb Orr: ABŞ Azərbaycanın enerji sektoruna konkret investisiyalar planlaşdırır
Bakı, 2 iyun, AZƏRTAC
ABŞ Azərbaycanın enerji sektorunda yeni investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır və bu istiqamətdə konkret təşəbbüslər üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.
Kaleb Orr qeyd edib ki, iqtisadi dialoqun məqsədi tərəflərin iqtisadi təşəbbüslərini bir araya gətirmək və onların icrası üçün konkret fəaliyyət planı hazırlamaqdır.
“Biz enerji sektoruna konkret investisiyalar planlaşdırırıq. Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi bir araya gətirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və real nəticələr əldə etməkdir. Çünki sülhün təməlində ortaq maraqlar və iqtisadi rifah dayanır”, – deyə Kaleb Orr bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, ölkəsinin enerji şirkətləri artıq Azərbaycanda mühüm layihələrdə iştirak edir.
“Bakı Enerji Həftəsi” çərçivəsində “ExxonMobil” şirkəti ilə görüş keçirdik. Ötən il “Bakı Enerji Həftəsi”ndə “ExxonMobil” Azərbaycanda yeni kəşfiyyat işləri üzrə anlaşma memorandumu imzalayıb. Biz bu təşəbbüsü dəstəkləyirik. “ExxonMobil” Azərbaycanda tranzitlə bağlı bir sıra mühüm infrastruktur layihələrinin səhmdarıdır”, – deyə o qeyd edib.
Kaleb Orr əlavə edib ki, “Chevron” şirkəti də “Bakı Enerji Həftəsi” çərçivəsində yeni araşdırma sazişi imzalayıb.
“Chevron” dünən “Bakı Enerji Həftəsi”ndə yeni araşdırma sazişi imzalayıb. Biz bu konkret layihələrin irəliləməsini dəstəkləyirik”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ daha geniş mənada Azərbaycanın enerji və boru kəməri infrastrukturunda iştirakını artırmaq niyyətindədir.
“ABŞ Azərbaycanın yaratdığı boru kəməri və digər enerji infrastrukturlarında daha böyük rol oynamaq istəyir”, – deyə Kaleb Orr bildirib.
Kaleb Orr qeyd edib ki, Vaşinqton Azərbaycanın Avropa və digər bazarlara enerji nəqlində Orta Dəhlizin əsas qovşaqlarından biri kimi mövqeyinin daha da güclənəcəyini gözləyir.
“Prezident Donald Trampın sülh və rifah marşrutu sayəsində Azərbaycanın Avropaya və dünyanın digər bölgələrinə enerji nəqlində Orta Dəhlizin mərkəzi qovşağı kimi rolunu daha da artırmasına kömək edə biləcəyimizi düşünürük”, – deyə ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb.
Kaleb Orr Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm yer tutduğunu da qeyd edib.
“Azərbaycan hazırda dünya üçün mühüm enerji istehsalçısıdır və ABŞ bu münasibətlərdən böyük fayda əldə edir. Növbəti bir neçə il ərzində bu əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyirik”, – deyə o əlavə edib.