Əziz Ələkbərli: "Qayıdış Konsepsiyası" beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır
Bakı, 3 iyun, AZƏRTAC
Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır. Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir.
Bu təşkilat 1987-1988-ci illərdə, Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi, Qərbi Azərbaycandakı ata-baba yurdlarından Ermənistan dövləti tərəfindən sonuncu adamına qədər qovulan 300 min nəfər azərbaycanlı qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilib. 2022-ci il avqustun 3-də “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Prezidentin Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair verdiyi tapşırığa uyğun olaraq İcmamız qısa müddətdə hazırladığı “Qayıdış Konsepsiyası” beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır: “Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə dialoq təklifi ilə dəfələrlə müraciət etsə də, qarşı tərəf çağırışlarımıza hələ də cavab vermir, əksinə, Qərbi Azərbaycana qayıdış məsələsini siyasi gündəmdən çıxarmaq üçün əlindən gələni edir.
Əlbəttə, biz bunun səbəblərini anlayırıq. Təkcə sonuncu deportasiya zamanı, 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2.5 milyard, ictimai təsərrüfatlar üzrə 17.5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün – 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkib, tarixi abidələrimiz dağıdılıb, qəbiristanlıqlar məhv edilib, mənəvi mühitlər yoxa çıxıb. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik”.
Əziz Ələkbərli qeyd edib ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı müəyyən edilib: “Bu qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilib. 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib. Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir”.