Mətin Kərimli: Qərbi Azərbaycan məsələsi akademik ictimaiyyət qarşısında mühüm vəzifələr qoyur
Bakı, 3 iyun, AZƏRTAC
Qərbi Azərbaycanla bağlı milli fəaliyyət elm və təhsilin üzərinə xüsusi vəzifələr qoyur. Tarixi faktların araşdırılması, sənədləşdirilməsi, elmi əsaslarla hazırlanması, əlbəttə ki, akademik ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə universitetlərimiz, elmi-tədqiqat institutlarımız və bütün təhsil müəssisələrimiz mühüm işlər həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Qərbi Azərbaycan konsepsiyasının icrası ali təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği, bununla bağlı resursların artırılmasını tələb edir: “Qərbi Azərbaycan məsələsi insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir, missiyadır. Bu missiya ideyadan fəaliyyətə, sözdən əmələ keçib. Qərbi Azərbaycana qayıdış bizim davamlı sülh və dialoq gündəliyimizin bir hissəsidir. Bu, bizdən xatirələrlə yox, məhz planlarla yaşamağı tələb edir. Güclü dövlət kimi biz illəri yox, nəsilləri, əsrləri planlaşdırmağı öyrənməliyik və bunu da edirik”.