“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” - Elçin Babayev
Bakı, 3 iyun, AZƏRTAC
Qərbi Azərbaycana qayıdış məsələsi qarşıdurma yox, sülh gündəliyinin bir hissəsi kimi təqdim olunur. Bu yanaşma çox vacibdir. Çünki qayıdış ideyası revanşizm deyil. Bu ideya hüquqa söykənən tarixi ədalət çağırışıdır. Bu ideya münaqişənin davamı deyil. Əksinə, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır. Əlbəttə, qarşıda böyük işlər var. Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, ali məktəblərin, elmi mərkəzlərin və tədqiqat institutlarının üzərinə də böyük məsuliyyət düşür: “Çünki tarix yalnız xatırlanmamalıdır. Tarix araşdırılmalı, sənədləşdirilməli və gələcək nəsillərə elmi əsaslarla ötürülməlidir. BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi də məhz bu amala xidmət edir. Mərkəzin əsas vəzifəsi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir. Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi, “Qayıdış konsepsiyası” ilə bağlı akademik tədqiqatların aparılması istiqamətində elmi-tədqiqat işləri aparılır”.
Elçin Babayev qeyd edib ki, BDU-da, həmçinin elmin müxtəlif istiqamətləri üzrə magistr və doktorluq dissertasiyaları yerinə yetirilir: “Əldə olunmuş elmi nəticələr ictimaiyyətə təqdim olunur, beynəlxalq konfranslar, seminarlar, müzakirələr təşkil edilir. Qərbi Azərbaycan irsinin tələbə gənclər arasında təbliği əsas məqsədlərimizdən biri kimi diqqət mərkəzində saxlanılır. Bu işdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir”.