Baş nazir: Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının strateji artım nöqtəsidir
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan nümayəndə heyəti ilə Belarusun Nazirlər Kabinetində görüş zamanı bildirib.
A.Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.
O, sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.
Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Həmçinin bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.