Nazir müavini: Bakı üzrə damüstü Günəş enerjisi potensialı 9,4 giqavat qiymətləndirilir
Bakı, 3 iyun, AZƏRTAC
Bakı şəhəri üzrə damüstü Günəş enerjisi potensialı təxminən 9,4 giqavat olaraq qiymətləndirilir, ümumi təmiz enerji istehsalı potensialı isə 11,8 giqavat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış günəş fotovoltaik potensialının xəritələşdirilməsi” adlı sessiyada energetika nazirinin müavini Orxan Zeynalov deyib.
“Bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində aparılan işlərə, o cümlədən bazar iştirakçılarının və potensial investorların cəlb olunmasına əsaslanaraq hesab edirik ki, damüstü Günəş enerjisi sistemləri, xüsusilə də fotovoltaik Günəş texnologiyaları sahəsində mühüm biznes və investisiya imkanları mövcuddur. Bu imkanların yalnız paytaxtla məhdudlaşmadığını, ölkənin digər şəhərlərinə də genişləndirilə biləcəyini düşünürük. Hesab edirik ki, yaşıl enerji zonalarının yaradılması gələcəkdə xalis sıfır emissiya hədəflərinə keçid üçün möhkəm zəmin formalaşdıra və hökumətin yaşıl enerji keçidi ilə bağlı səylərini dəstəkləyə bilər. Bu keçid balanslı, ədalətli və iddialı olmaqla yanaşı, özəl sektor üçün də yeni imkanlar yaratmalıdır”, - deyə nazir müavini əlavə edib.