Azərbaycan və Belarus aqrar-sənaye komplekslərinin yaradılması üzrə əməkdaşlığı davam etdirəcək
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, iclasda Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib.
Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Həmçinin iclasda kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.