Fransa Çinin “Shein” şirkətini rekord məbləğdə cərimələyib
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Fransanın Rəqabət, İstehlakçıların Müdafiəsi və Saxtakarlığa Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) sərt mövqe tutaraq, Çinin elektron ticarət platformasına istehlakçı məlumatlarının verilməsi qaydalarına əməl etmədiyinə görə sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, sanksiyaya məruz qalan “Şein” cəriməni “qeyri-mütənasib” hesab edərək etirazını bildirib.
“Le Figaro” qəzetinin məlumatına görə, bu dəfə DGCCRF istehlakçı məlumatlarının verilməsi qaydalarına əməl etmədiyinə görə rekord həddə - 22,4 milyon avro cərimə tətbiq edib.
“Şein” bu inzibati sanksiyalara etiraz edir. Şirkət onları açıq-aşkar qeyri-mütənasib və ayrı-seçkilik kimi qəbul edir”, - deyə şirkətin sözçüsü bildirib. O əlavə edib: “Müəyyən edilmiş faktlar bu böyük məbləğdə sanksiyaları heç bir vəchlə əsaslandırmır. İstehlakçılara təsir etməyən və lazım olduqda artıq düzəldilmiş texniki problemlər cərimənin əsasını təşkil edir”.
Son aylarda onlayn bazarlar ciddi sanksiyalarla üzləşib. Ötən ilin iyul ayında “Şein” Fransanın Rəqabət, İstehlakçıların Müdafiəsi və Saxtakarlığa Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) tərəfindən istehlakçılara qarşı yanlış biznes təcrübələrinə görə aparılan araşdırmadan sonra 40 milyon avro cərimə ödəməyə razılaşıb.
Ötən həftə Çinin digər veb-saytı olan “Temu” qanunsuz məhsulların satışını məhdudlaşdırmaq öhdəliklərini yerinə yetirmədiyinə görə Avropa Komissiyası tərəfindən 200 milyon avro məbləğində cərimələnib.