BMU tələbələri “Vergilər” olimpiadasının finalına vəsiqə qazanıblar
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində təşkil olunan olimpiadanın məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında vergi mədəniyyətinin təşviqi, maliyyə savadlılığının artırılması və vergi sahəsinə marağın gücləndirilməsidir.
İki mərhələdən - seçim və final turlarından ibarət olan olimpiadanın BMU-da keçirilən seçim mərhələsində 21 nəfər iştirak edib. Nəticələrə əsasən, 5 tələbə final turunda iştirak etmək hüququ qazanıb. Final mərhələsinin iyunun 12-14-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonundakı Tədris Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Olimpiadanın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılacaq, iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.