Kanada Siqh Federasiyasının üzvü: Azərbaycanda açıq dialoq üçün geniş imkanlar yaradılıb
Bakı, 3 iyun, AZƏRTAC
Siqh icması və Bakı Təşəbbüs Qrupu arasında qurulan tərəfdaşlığı çox yüksək qiymətləndirirəm. Siqh icmasının yaşadıqları ilə Azərbaycan xalqının keçmişdə üzləşdiyi tarixi sınaqlar arasında müəyyən oxşarlıqlar olduğunu anlayan bir platformanın mövcudluğunu görmək olduqca qürurvericidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kanada Siqh Federasiyasının üzvü Hansra Harprit Sinqh söyləyib.
O bildirib ki, Azərbaycanda açıq dialoq və fikir mübadiləsi üçün geniş imkanlar yaradılıb.
"Bu gün Bakıda transmilli təzyiqlər, Hindistan hökumətinin Siqh icmasına hələ 1984-cü ildən çox-çox əvvəl başlayan genişmiqyaslı təsirləri, eləcə də 1984-cü il Siqh hadisələri barədə danışmaq üçün belə açıq və təhlükəsiz bir mühitin formalaşması həqiqətən böyük dəyər daşıyır. Bu mühiti və imkanı yaratdığına görə Bakı Təşəbbüs Qrupuna dərin təşəkkürümü bildirirəm.
Dünən fəaliyyət göstərən Atəşgah məbədini ziyarət edərkən, bu ərazilərdə siqh icması və burada iz qoymuş siqh dini liderləri ilə bağlı qorunub saxlanılmış tarixi irsi görmək bizim üçün çox unikal və dəyərli bir təcrübə oldu. Bu tarixi irsin qorunub saxlanılmasına göstərdikləri dəstəyə görə Azərbaycana minnətdarlığımızı ifadə edirik", - deyə o əlavə edib.