Agentlik direktoru: Azərbaycanı yaşıl inkişafın mühüm mərkəzlərindən birinə çevirməyi hədəfləyirik
Bakı, 3 iyun, AZƏRTAC
Milli prioritetlərimiz aydındır. Azərbaycan 2030-cu ilədək elektrik enerjisi istehsalı üzrə quraşdırılmış gücdə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı və ölkəni yaşıl inkişafın mühüm mərkəzlərindən birinə çevirməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Baku Energy Week” çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış günəş fotovoltaik potensialının xəritələşdirilməsi” adlı sessiyada deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji sektorunda genişmiqyaslı transformasiya mərhələsinə qədəm qoyub. Ölkəmiz uzun illərdir regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, bu gün həmin irsi yaşıl enerji keçidində aparıcı iştirakçılardan biri olmaqla tamamlayır. Bu istiqamətdə artıq əhəmiyyətli nailiyyətlər əldə olunub. İrihəcmli günəş və külək elektrik stansiyalarının inkişafı, enerji infrastrukturunun modernləşdirilməsi və innovativ bərpaolunan enerji layihələrinin həyata keçirilməsi qarşıya qoyulan məqsədlərə doğru mühüm irəliləyiş təmin edib”, - deyə o qeyd edib.