Abituriyent Məsləhət Mərkəzləri fəaliyyətə başladı - siyahı və iş qrafiki
Bakı, 3 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif ali təhsil müəssisələrində və regional bölmələrində Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Abituriyent Məsləhət Mərkəzlərində vətəndaşlara ödənişsiz əsaslarla xidmət göstərilir. Burada xüsusi təlimlərə cəlb olunan əməkdaşlar tələbə qəbulu qaydaları, elektron ərizə və ixtisas seçimi ərizələrinin doldurulması, müsabiqə şərtləri və s. məsələlərlə bağlı abituriyentlərə kömək edirlər.
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki, Neft və Sənaye universitetlərində, Milli Konservatoriyada, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək xidmət göstərir.