Hikmət Quliyev: Elmi-tədqiqat təcrübəsi tələbələrin peşəkar inkişafında mühüm mərhələdir
Bakı, 3 iyun, AZƏRTAC
Elmi-tədqiqat təcrübəsi tələbələrin peşəkar inkişafında mühüm mərhələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti və Sumqayıt Dövlət Universitetinin IV kurs tələbələrinə sertifikatların təqdim olunması tədbirində səsləndirib.
Tədbirdə bildirilib ki, 2025-2026-cı tədris ili ərzində adıçəkilən ali təhsil müəssisələrinin tələbələri AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsində iştirak edərək folklorşünaslıq sahəsində nəzəri biliklərini praktik fəaliyyətlə zənginləşdiriblər.
Tədbirdə çıxış edən Hikmət Quliyev qeyd edib ki, təcrübə proqramları tələbələrin elmi fəaliyyətə marağının artırılmasında, onların tədqiqatçılıq bacarıqlarının formalaşmasında və gələcək elmi istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. O vurğulayıb ki, tələbələrin akademik mühitlə yaxından tanış olması, elmi müzakirələrdə iştirak etməsi və tədqiqat prosesinə cəlb olunması onların peşəkar hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Direktorun sözlərinə görə, təcrübə müddətində tələbələr institutun şöbələrinin fəaliyyəti, aparılan elmi araşdırmalar və həyata keçirilən layihələrlə yaxından tanış olublar. Onlar müxtəlif elmi tədbirlərdə, seminar və müzakirələrdə iştirak edərək folklorun aktual problemləri, müasir tədqiqat metodları və humanitar elmlərin yeni istiqamətləri ilə bağlı biliklərini inkişaf etdiriblər.
Tədbirdə çıxış edən Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri dosent Leyla Məmmədova tələbələrin təcrübə müddətində yüksək fəallıq nümayiş etdirdiklərini, elmi araşdırmalara maraq göstərdiklərini və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirdiklərini bildirib.
Digər çıxış edənlər də təcrübə proqramının əhəmiyyətindən bəhs edərək, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının onların peşəkar və akademik inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, təcrübə müddətində tələbələr nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, elmi araşdırma metodlarını mənimsəmək və folklorşünaslığın aktual istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edilib.