Bu il “Azərtütün” tərəfindən şimal-qərb rayonlarında 813 hektar sahədə tütün əkilib
Zaqatala, 3 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illərdə şimal-qərb bölgəsində yerləşən rayonlarda digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir. Tütünçülüyün inkişafına dövlət tərəfindən diqqətin artırılması, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi torpaq mülkiyyətçilərinin bu gəlirli sahəyə marağını artırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən şimal-qərb bölgəsinə daxil olan rayonlarda tütün əkini kampaniyası artıq başa çatıb. Builki mövsümdə ASC tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Cəmiyyətdən verilən məlumata görə, bu il tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 390,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən cari mövsümdə şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilib. Kampaniya dövründə torpaq mülkiyyətçiləri Şəki rayonunda 383,6, Zaqatalada 277,1, Qaxda 80,2, Balakəndə 44, Oğuz rayonunda isə 28 hektar sahəyə tütün şitilləri köçürüblər. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Bölgədə tütün yığımına iyunun ikinci yarısında başlanılması nəzərdə tutulur.
Müxbir – Mustafa Dadaşov