bp: “Azəri-Çıraq-Günəşli”də tətbiq olunan yeni texnologiyalar səmərəliliyi artırır
Bakı, 3 iyun, AZƏRTAC
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda tətbiq olunan yeni texnologiyalar səmərəliliyi artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə bp-nin tətbiq etdiyi texnologiyalarla bağlı Bakı Ekspo Mərkəzində media nümayəndələri üçün təşkil olunan xüsusi sessiyada şirkətin nümayəndəsi Fuad İbrahimov deyib.
O qeyd edib ki, üfüqi qazma və geonaviqasiya texnologiyası ilk dəfə 2024-cü ildə sınaqdan keçirilib və sonradan AÇG üzrə tətbiqi genişləndirilib. Üfüqi qazma quyu lüləsinin lay daxilində saxlanılmasını, geonaviqasiya isə ən məhsuldar intervallara yönləndirilməsini təmin edir. Birgə tətbiq olunduqda bu texnologiyalar layla təmas sahəsini əhəmiyyətli dərəcədə artırır. İndiyədək bu yanaşma AÇG üzrə 5 quyuda uğurla tətbiq edilib. Axın tənzimləməli müstəqil qum ekranları isə etibarlı qum nəzarətini qorumaqla, çınqıllı qum ekranlara nisbətən daha sadə açıq lülə tamamlama alternatividir. Axın tənzimləyici qurğuların inteqrasiyası lay və maye qeyri-müəyyənliklərinin idarə olunmasında çeviklik yaradır. Bu sistem uzun intervallar boyunca bərabər depressiyanı təmin edir və ekranları qorumaq üçün axını quyuboyunca tənzimləyir. 2025-ci ilin dekabrında ilk dəfə tətbiq olunan bu dizayn 1155 metr ilə regionda ən uzun açıq lülə tamamlama və AÇG-də axın tənzimləyici qurğuların inteqrasiya olunmuş ilk müstəqil qum ekranları tətbiqi olub”, - deyə o qeyd edib.
Şirkətin nümayəndəsi bildirib ki, çoxlüləli quyu texnologiyası isə mürəkkəb geoloji şəraitdə qazma çətinliklərini azaltmaqla yanaşı, məhdud quyu şaxtalarındandaha səmərəli istifadə imkanı yaradır. Bir quyu lüləsindən bir neçə lay çıxışı yaratmaqla, drenaj səmərəliliyini artırır və mövcud infrastrukturdan daha səmərəli istifadəni təmin edir. Texnologiya cari ildə AÇG-də ilk dəfə uğurla tətbiq olunmuş və Xəzərdə qazılmış ilk çoxlüləli quyu olub. Növbəti mərhələdə bu texnologiyının üfüqi qazma, geonaviqasiya və ağıllı tamamlama sistemləri ilə inteqrasiya olunmuş şəkildə daha geniş tətbiqi nəzərdə tutulur.