İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
İsveçin Yöteborq şəhərinin mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Qarabağ Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborg üzrə koordinatoru, “Azərbaycan Qarabağ Mərkəzi”nin rəhbəri Ülviyyə Nəcəfova 28 May tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsində xüsusi yer tutduğunu vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyin qorunması, mədəni irsin təbliği və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın zəngin tarixini, çoxşaxəli mədəniyyətini və dövlətçilik ənənələrini əks etdirən xüsusi stend yaradılıb. Burada milli atributlar, nəşrlər və müxtəlif maarifləndirici materiallar nümayiş etdirilib. Tədbir iştirakçıları İsveç dilində hazırlanan broşürlər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı geniş məlumat əldə ediblər.
Tədbirin bədii hissəsində “Xarı Bülbül” rəqs qrupunun ifasında milli rəqslərimiz böyük maraq və alqışlarla qarşılanıb.