PREZİDENT İLHAM ƏLİYEV VAŞİNQTONDA NAMƏLUM ƏSGƏRİN MƏZARI ÖNÜNƏ ƏKLİL QOYMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Vaşinqtonda Arlinqton milli qəbiristanlığını ziyarət etmişdir.
Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Buraya toplaşan amerikalılar da, o cümlədən məktəblilər Prezident İlham Əliyevin bu ziyarətini müşahidə edirdilər. Onlara bildirildi ki, burada rəsmi ziyarətlər, adətən qısa olur. Lakin Azərbaycana və onun Prezidentinə olan xüsusi münasibətə görə bu mərasimə ayrılan vaxt uzadılmışdır və daha yaddaqalan olacaqdır.
Arlinqton qəbiristanlığında ABŞ dövləti yarandığı gündən indiyədək ölkənin azadlığı uğrunda gedən müharibələrdə həlak olmuş şəhidlər dəfn edilmişdir. İraqdakı hərbi əməliyyatlar zamanı həlak olan amerikalı əsgərlər də burada dəfn olunur.
Prezident İlham Əliyev Naməlum əsgərin məzarı önünə əklil qoydu. Azərbaycan Prezidentinin şərəfinə toplardan 19 yaylım atəşi açıldı, Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndi.
Dövlətimizin başçısı sonra buradakı muzeylə tanış oldu. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı muzeyə hədiyyə etdiyi qılınca da böyük maraqla baxdı.
Prezident İlham Əliyev xatirə olaraq muzeyə hədiyyə təqdim etdi.