PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, aprelin 4-də Prezident sarayında Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının qaldırıldığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Türkiyə Prezidenti Əhməd Necdət Sezəri və xanımını böyük hörmət və səmimiyyətlə qarşıladılar. Dövlətimizin başçısı Türkiyə Prezidentinin xanımına gül dəstəsi təqdim etdi.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Əhməd Necdət Sezər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin dövlət başçısı Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Əhməd Necdət Sezərə, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Əhməd Necdət Sezər xatirə şəkli çəkdirdilər.