Prezidentimiz, dövlətimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir
Bakı, 11 iyun, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir, ayaqüstə alqışlayır.
Ölkəmizdə koronavirusdan ölənlərin sayının azlığının dövlətin atdığı qabaqlayıcı addımların, həkimlərin peşəkarlığı və fədakarlığı hesabına olduğunu deyən deputat qeyd edib: “Halbuki, ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və orada hər gün yüzlərlə insan vəfat edir. Amma başqa vaxt həmin inkişaf etmiş ölkələrin “qabaqcıl” səhiyyə sistemindən ağızdolusu danışılırdı. Lakin qlobal bir sınaq hansı dövlətin və xalqın nəyə qadir olduğunu, hansı keyfiyyətləri özündə daşıdığını nümayiş etdirdi”.
Sədaqət Vəliyeva vurğulayıb ki, dövlətimizin qüdrəti və həkimlərimizin peşəkarlığı heç kəsdə rahatlıq yaratmamalı, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını, həmçinin cəmiyyətimizi qorumaq üçün sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna dəvət etməlidir.
Deputat əmin olduğunu bildirib ki, dövlətimizin dəstəyi, həkimlərimizin səyləri nəticəsində Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaqdır.