PREZİDENTİN FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİN İCRASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Nazirliyin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Fikrət Məmmədov iclasda çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə strukturunun təkmilləşdirilməsi üzrə əsaslı tədbirlər görülür. Bu mənada, dövlətimizin başçısının təşəbbüsü ilə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda əsaslı dəyişikliklər edilməsi və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fərmanın imzalanması Azərbaycanda məhkəmə-hüquq islahatının yeni mərhələyə keçməsi ilə səciyyələnir.
Kollegiyada göstərilən fərmanla bölgələrdə apellyasiya məhkəmələrinin yaradılmasının, iqtisad məhkəmələri sisteminin, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası məhkəmə sisteminin təkmilləşdirilməsinin, eləcə də hakimlərin sayının artırılmasının və digər mütərəqqi dəyişikliklərin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəyi bildirilmişdir. Həmçinin, insanlara qayğı göstərilərək, yerli əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşmasına, ədalət mühakiməsinə inamın artmasına, habelə bölgələrin inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına, regionlarda vəkilliyin və digər hüquq təsisatlarının inkişafına, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinə təkan verəcəyi qeyd olunmuşdur.
Dövlətimizin başçısının Fərmanı ilə məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə aparatlarının strukturunun və işinin yaxşılaşdırılması, hüquqşünasların peşə hazırlığının yüksəldilməsi məqsədi ilə Ali Ədliyyə Məktəbinin yaradılması, məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, hakimlərin fəaliyyətində yol verilən qanun pozuntularına və digər mənfi hallara qarşı ciddi tədbirlər görülməsi tapşırılmış və digər vəzifələr qoyulmuşdur.
Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən konkret tədbirlər müəyyən olunmuş və eyni zamanda, qeyd edilmişdir ki, məhkəmələrin fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması, hakimlərin məsuliyyət hissinin artırılması ilə bağlı tədbirlər çərçivəsində son dövrlərdə Məhkəmə-Hüquq Şurası tərəfindən ümumilikdə 24, o cümlədən Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 11 hakim barəsində intizam icraatı başlanılmış, fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna görə Nizami Rayon Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.
İclasda ölkəmizin başçısının Fərmanından irəli gələn vəzifələr ətraflı müzakirə edilmiş, onların vaxtında və lazımınca yerinə yetirilməsi üçün konkret tədbirlər müəyyən olunaraq, zəruri tapşırıqlar verilmişdir.
Eyni zamanda, kollegiyada ölkəmizin məhkəmə və ədliyyə sistemində islahatlara xüsusi maraq göstərərək, dəstək verən Dünya Bankı ilə birgə layihənin hazırlanması ilə bağlı məsələlərə baxılmışdır.
Kollegiyada penitensiar sistemdə həyata keçirilən islahatlar sırasında məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzaların icrasına ictimai nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər, o cümlədən bu sahədə fəaliyyəti tənzimləyən qaydalar müzakirə olunmuşdur.
Kollegiyada, həmçinin 20 qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı məsələsinə baxılmışdır.