RƏSMİ XRONİKA
PREZİDENTLƏRİN GÖRÜŞLƏRİ: QARŞILIQLI ANLAŞMA ŞƏRAİTİNDƏ
Yanvarın 28-də Azərbaycan Prezidenti Almaniya Federativ Respublikasının Prezidenti Roman Hersoq ilə görüşdü. Prezidentlər bu görüşdən məmnun olduqlarını vurğuladılar. Roman Hersoq Heydər Əliyev ilə görüşünə xüsusi əhəmiyyət verdiyini bildirdi. Hər iki tərəf belə görüşlərin xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir edəcəyini söylədi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəni əlaqələr qurulmasının bir sıra aktual məsələləri barədə ətraflı müzakirələr aparıldı. Hər iki ölkəni maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi edildi.
Heydər Əliyev Almaniya Prezidenti Roman Hersoqu Azərbaycana rəsmi səfərə dəvət etdi.
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Argentina Prezidenti Karlos Saul Menem arasında görüş oldu. Söhbət zamanı ölkələrimiz arasında əlaqələr qurulmasının perspektivləri nəzərdən keçirildi, ən mühüm sahələr üzrə dövlətlərarası müqavilələr bağlanmasına hazırlıqla əlaqədar məsələlər müzakirə edildi.
Görüşün sonunda Argentina Prezidenti Karlos Saul Menem Azərbaycan Prezidenti Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu. Azərbaycan rəhbəri də Argentina Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi və bu dəvət də razılıqla qarşılandı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrlandiya Respublikasının Prezidenti xanım Meri Robinson ilə görüşündə ölkələrimiz arasında oxşar cəhətlərin olduğu vurğulandı. Qarşılıqlı əlaqələrin inkişafı məsələləri söhbətin əsas mövzusu oldu. Görüşdə respublikamızın hazırkı vəziyyətindən, müharibənin sülh yolu ilə dayandırılması istiqamətində görülən tədbirlərdən də bəhs edildi.
Azərbaycan Prezidenti İrlandiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət razılıqla qəbul olundu.
Hər üç görüş qarşılıqlı anlaşma şəraitində keçdi.