Professor İbrahim Cəfərovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor İbrahim Cəfərovun həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
AMEA Mərkəzi Elmi Kitabxanasından AZƏRTAC-a bildirilib ki, nəşr alimin 70 illik yubileyinə həsr edilib.
“Görkəmli elm xadimləri” seriyası çərçivəsində hazırlanmış biblioqrafik göstəricidə professor İbrahim Cəfərovun həyat və elmi fəaliyyətinin əsas tarixləri, elmi əsərlərinin biblioqrafiyası, kitabları, elmi məqalələri və digər nəşrləri haqqında məlumatlar əksini tapıb. MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun redaktorluğu ilə nəşr olunan biblioqrafik göstərici kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllimlər, ali məktəb tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, professor İbrahim Cəfərovun elmi-tədqiqat fəaliyyəti kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması istiqamətlərini əhatə edir. Alimin tədqiqatlarında Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, Azərbaycan şəraitində çəyirdəkli meyvə bitkilərinin mikobiotası, ekoloji əkinçilik sistemində bitki mühafizəsinin istiqamətləri və digər aktual məsələlər xüsusi yer tutur. İbrahim Cəfərov respublikada və xaricdə nəşr olunmuş 178 elmi əsərin, o cümlədən 4 dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə edilib. Biblioqrafik göstərici alimin çoxillik elmi fəaliyyətinin, kənd təsərrüfatı elminin inkişafına verdiyi töhfələrin və zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından əhəmiyyətli nəşrdir.