Professor Musa Qasımlı: Qüdrətli rəhbər və güclü dövlət hər şeyə qadirdir
Bakı, 18 oktyabr, AZƏRTAC
Tariximizin səhifələrindən biri 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsidir. Bu hadisə ilə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. Bildirib ki, dövlət müstəqilliyinin bərpa edilməsi üçün lazım olan obyektiv şərtlər əvvəlki onilliklərdə yetişib.
“Cumhuriyyətin üçrəngli bayrağı ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin tövsiyəsi və rəhbərliyi altında rəsmi olaraq qəbul edildi. Muxtar respublikanın rəsmi bayrağı olan Cümhuriyyət bayrağımız ilk dəfə Naxçıvanda dalğalandı və müasir müstəqil Azərbaycan dövlətinin təməlinin atıldığı yer Naxçıvan oldu. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilsə də, ölkəmiz ağır sınaqlardan keçdi. 1991-1993-cü illərdə Azərbaycanın qarşısında dayanan problemlər həll edilmədi. Ermənistandan, tarixi torpaqlarımızdan, azərbaycanlıların qovulmasının qarşısı alına bilmədi. Ərazilərimiz bir-birinin ardınca təcavüzkar Ermənistan tərəfindən işğal edildi. Bütün bunlar az imiş kimi, Azərbaycanın bir dövlət kimi yox olması, separatçılıqla parçalanması təhlükələri yarandı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövləti dağılmaqdan, ölkə parçalanmaqdan xilas edildi, dövlət quruculuğuna başlanıldı və torpaqların işğaldan azad edilməsindən ötrü zəmin hazırlandı. Ölkənin inkişafının açarı tapıldı. Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasını möhtəşəm bir hadisə ilə qeyd edir. Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağımızı ucaltdı. Bu, tariximizin ən parlaq səhifələrindən biridir. Bütün millətimizin arzu və xəyallarının gerçəkləşdiyi milli qürur, milli iftixar günüdür. Bu hadisə xalqımızın qarşısında yeni üfüqlər açır, bir daha göstərir ki, qüdrətli dövlət rəhbəri və güclü dövlət hər şeyə qadirdir”, - deyə Musa Qasımlı qeyd edib.