Prorektor tələbələrə Yevlaxdan Harvard Universitetinə kimi uzanan uğur yolundan danışıb
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, “Ali təhsil bu gün: ABŞ təhsili fonunda” adlı görüşdə prorektor doğulduğu Yevlax rayonundan ABŞ-ın Harvard Universitetinə kimi uzanan uğur yolundan bəhs edib.
Ə.Abdullayev təhsil aldığı müəssisələr, iştirak etdiyi beynəlxalq layihələr, üzv olduğu yerli və beynəlxalq qurumlar haqqında məlumat verib, həmçinin qazandığı qrantlar və mükafatlardan söz açıb. O, qazandığı uğurlardan, bu uğura gedən yolda qarşılaşdığı çətinliklərdən də bəhs edib, xaricdə yaşadığı təcrübələri tələbələrlə bölüşüb.
Daha sonra Ə.Abdullayev ABŞ təhsil sistemi haqqında məlumat verərək oradakı təhsil müəssisələri, təhsil iştirakçılarının ümumi statistikası ilə tələbələri tanış edib.
Professor standartlara uyğun olaraq “yaxşı tələbə olmaq” kriteriyalarını da diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib.
Qeyd edək ki, Ə.Abdullayev 1995-2003-cü illərdə ABŞ-da əvvəlcə ali təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb. 1998-ci və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbrayt mükafatına layiq görülərək ölkənin müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub. 2000-ci ildə isə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət İdarəçiliyi Məktəbində təhsilini davam etdirib.