Psixoloji problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında seminar keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda akademiya rəisinin müavini polkovnik İlham Babaşov, fakültə və bölmə rəisləri və türkiyəli psixoloq Səlcuq Dəmirbaş iştirak edib.
Seminarda çıxış edən akademiyanın rəis müavini polkovnik İlham Babaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi, Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olunub. Bu müharibədə qardaş Türkiyə Azərbaycana ən yüksək səviyyədə mənəvi-siyasi dəstək verib. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.
Psixoloq Səlcuq Dəmirbaş həmin mövzuda çıxış edib və seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonra mövzuya dair müzakirələr aparılıb.