QABİLİYYƏT İMTAHAN KOMİSSİYALARININ İŞİNİN TƏŞKİLİ MƏQSƏDİ İLƏ NÖVBƏTİ SEMİNAR-MƏŞĞƏLƏ
AZƏRTAC xəbər verir ki, aprelin 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Qabiliyyət İmtahan Komissiyalarının (QİK) işinin təşkili məqsədi ilə növbəti seminar-məşğələ keçirmişdir.
TQDK sədri Məleykə Abbaszadə Qabiliyyət İmtahan Komissiyalarının fəaliyyəti barədə məlumat vermişdir. M.Abbaszadə komissiyaların abituriyentlərin qeydiyyatı ilə bağlı görməli olduqları işləri onların nəzərinə çatdırmışdır.
Bu il ilk dəfə olaraq qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı və imtahan nəticələri internetlə xüsusi proqram vasitəsilə həyata keçiriləcəkdir.
Seminar-məşğələdə TQDK-nın mütəxəssisləri həmin proqramın iş prinsipi ilə SQK-ların işçi qruplarının üzvlərini tanış etmişlər. İnternet vasitəsilə abituriyentin “Elektron ərizə”sinin yoxlanması prosesi real rejimdə nümayiş etdirilmişdir.
Sonra TQDK-nın əməkdaşları tərəfindən QİK-lərin üzvlərinə müvafiq sənədlər təqdim edilmişdir.
Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarına əsasən qabiliyyət tələb edən ixtisaslarda təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent “Elektron ərizə”sini internetlə doldurub, ümumi qaydaya əsasən SQK-da təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq QİK-də qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün kino, teatr və xoreoqrafiya sənəti üzrə təhsil almaq istəyən abituriyent aprelin 11-dən mayın 31-dək, xüsusi qabiliyyət tələb edən digər ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent isə mayın 1-dən 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyent qabiliyyət imtahanlarının cədvəlini götürməli və iyunun 28-dən iyulun 7-dək cədvəl üzrə qabiliyyət imtahanları verməlidir.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Lənkəran Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci və Şəki Musiqi Texnikumunda təşkil olunan sənəd qəbulu komissiyalarının məsul katibləri və işçi qruplarının üzvləri iştirak etmişlər.