“Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi” mövzusunda vebinar təşkil olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən “Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi” mövzusunda vebinar təşkil olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilmiş vebinarda Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ və digər şəhər və rayonlardan 30-a yaxın qadın sahibkar iştirak edib. Tədbirdə KOB inkişaf mərkəzlərinin (KOBİM) nümayəndələri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının ekspertləri tərəfindən ölkəmizdə qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlər və proqramlar, qadın sahibkarlara dəstək məqsədilə biznes inkubatorların yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, qadın biznes inkubatorlarının yaradılmasının təşviqinə dair müzakirələr aparılıb.
Vebinarda, həmçinin Bakı, Sumqayıt, Yevlax və Xaçmaz KOB inkişaf mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində göstərilən xidmətlər, eləcə də KOBİM-lərin əhatə etdiyi regionlarda iqtisadi təşəbbüskarlığın reallaşdırılmasında qadın sahibkarların rolu iştirakçıların diqqətinə çatdırılıb.